AAC Hekayə yarışması : Marsda həyat

diazepam oral dose pediatric http://hotpoticeland.com/?cse=diazepam-overdose-200mg Müəllif : Umudova Jalə
2093-cü il, sentyabr. Yer kürəsi. III Dünya müharibəsinin amansız nəticələriylə üzləşən insanlar. Əsrin əvvəllərində edilən təxminlərə əsasən indi əhali sayı 10 milyardı keçməliydi. Və budur, 3 milyarddan daha az insan, həmişə təxmin edildiyi kimi, az qala 200 il geri düşmüş halda. İnsanlığın dirçəlməsi üçün bütün dövlətlər – daha doğrusu, hal hazırda mövcud olan 3 dövlət , 100 illik sülh müqaviləsi imzaladı. Bu 100 il ərzində heç bir dövlət hərbi inkişafa çalışmayacaq, insanlara qarşı işlənə biləcək hər növ silah-sursat istehsalı qəti şəkildə dayandırılacaqdı. Çünki onları narahat edən daha ciddi problemlər var. Məhv etdikləri təbiəti və sosial strukturu yenidən bərpa etmək. Müharibənin nəticəsinin bu qədər ağır olacağını heç onlar da gözləmirdi. Aclıq, yeni yaranmış və sürətlə artan yoluxucu xəstəliklər, 1000 illərdir yığılmış elm və bilik mənbələrinin məhvi. Salamat qalmış məktəb və universitet binalarının sayı heç 200-ü keçməzdi. Çətin olan sadəcə binaların yenidən bərpası deyildi. Ağaclar kəskin azalmışdı. Elektrik stansiyaları, vacib zavod və fabriklər, insanlar üçün əhəmiyyətli nələrsə istehsal edən demək olar ki, hər şey ya bilərəkdən, ya da müharibə vaxtı sıradan çıxan robotlar sayəsində məhv edilmişdi. Təbiətin və şəhərlərin böyük bir qismi sanki “şumlanmışdı”. Mənzərə dəhşətli idi. Amma daha da dəhşətlisi – Lykoidlər (Likoid).
******
Hələ 2060-cı illərdə eksperimentlərə başlamış Amerika dövləti nəhayət ki, ən yırtıcı və güclü pişik cinsini yaratmağa tam nail olmuşdur. (Sonralar onların bu eksperimentinə bir neçə Avropa ölkəsi də dəstək çıxmışdı. Hansı ki, pişiklərin okeanın bu tayına keçə bilməsi üçün şəraiti də həmin Avropa ölkələri yaratdı). Eksperimentə başçılıq edən elm adamlarının kimlikləri heç kimə məlum deyildi. Deyilənə görə, Amerika gizliliyi qorumaq üçün onları bütün bu illər boyunca elə bunkerlərdəcə saxlayıb. Anonim bir jurnalistin bu mövzuda yaydığı xəbər isə onların kimliyi və aqibəti haqqındakı maraqları bir dəfəmlik bitirmişdi. Xəbərdə eksperimentlərin apardıldığı bunkerin üzə çıxması və bundan daha vacibi, bu bunkerlərdə də kontrolun itməsi və bütün heyətin məhv olması haqqında deyilirdi. Bu xəbər aktuallığını sadəcə bir həftə qorudu. Daha sonra insanlar həmin bunkeri və alimləri tamamilə unudub öz problemlərinə – lykoidlərə fokuslandılar. Lykoidlər dərisi tamamilə tüksüz, çox möhkəm və elastik, gümüşü rəngdə olan, canavar böyüklüyündə, çənə və dişləri daha iri və bərk canlılar idi. Ən əsas özəllikləri isə sürət və inanılmaz möhkəm dəriləri idi. Güllələr bu pişiklərə qarşı demək olar ki, faydasız idi. Onların yaradılmasında 7 fərqli cins iştirak etmişdi. Bunlar içində ən sürətli heyvan olan çita, ən aqresiv pişik növü şir də var idi. Əsas cins isə lykoi adlanan pişik cinsi idi. Bu pişiklər təbiətdə təbii mutasiya keçirmiş azsaylı tüksüz pişiklərdən idi. Onların tüklərinin yoxluğu zəifliklərindən idi, amma müasir tibb bu zəifliyi tərsinə çevirməyi bacarmışdı. Digər pişiklərdən əsas fərqi isə canavarlara bənzərlikləri idi. Elə lykoi adının özü də yunancadan canavar mənasını verirdi. Bu özəllikləri təsadüfi deyildi, daha dəqiq araşdırmalarla onların genində canavarlarla uyğunluq kəşf olunmuşdu. Elə bu səbəbdən də mutasiyada iştirak edən heyvanlardan biri də canavar idi. Sürət, güc, vəhşilik, dayanıqlılıq, iti hissiyyat – “mutant əsgər” lykoidlər çox sayda insan məhv etmək üçün hər şeyə sahib idilər. Yalnız Çin onlara qarşı biokimyəvi silah istifadə edərək qalib gələ bilirdi. Amerika bu mutantlardan minlərlə yaratmışdı. Tək bir pişik 100 nəfərlik insan qrupunu parçalaya biləcək potensialda idi. Onlar həqiqətən də insanlığın gördüyü ən dəhşətli varlıqlar idi…
Müharibədə bir müddət sonra Amerika pişiklər üzərində kontrolu itirmişdi. Rus casusu pişiklərin saxlanıldığı bunkerdə yaratdığı xaos nəticəsində bütün qəfəslərin açılıb, pişiklərin küçələrə buraxılmasına nail olmuşdu. Onları sakitləşdirmək üçün istifadə olunan bütün qaz balonları isə məhv edilmişdi. Hə, onları məhv edə bilməyən Rusiya üçün azad buraxıb öz sahiblərini – Amerikanı məhv etməsi çox ideal seçim idi. Amma pişikləri cilovlayan həmin sakitləşdirici qazın yeganə böyük mənbəyinin də həmin bunker olduğunu bilmirdilər. Beləliklə, Avropadaki bunkerlər yetərli sakitləşdirici ilə təmin edilə bilmədikdə vəziyyət daha da pisləşmişdi. İndi təkcə Amerika yox, bütün Avropa və Asiyanın bir hissəsi pişiklər tərəfindən parçalanırdı. İnsanlar pişiklərdən qorunmaq üçün xüsusi – hündür, qalın divarlarla sərhədlənmiş və güclü qorunan sığınacaq ərazilərdə qalmağa məcbur olurdu. Nüvə silahları, kimyəvi silahlar və daha neçə yeni kəşf edilmiş kütləvi imha silahlarının istifadəsi ilə məhv olmuş ölkələr indi isə daha dəhşətli bir “silahla” vuruşmağa başlamışdı. Xaosun pik həddi sülh bağlanılmasına gətirib çıxardı. Əldə olan az saylı silahlarla heç bir şey edə bilməyən dövlətlər indi onlara qarşı birlikdə nələrsə kəşf etməyə çalışırdı.
******
Doktor Libert otağa daxil olanda hər kəs söhbəti saxlayıb bütün diqqətini ona yönəltdi. Doktor dövrünün ən dahi şəxsiyyətlərindən biri hesab olunurdu. Onun insanlar arasında bu qədər çox sevilib hörmət edilməsinin səbəbi təkcə dahiliyi yox, həm də mehriban və xeyirxah xarakteri idi. Frank ilk patentini alanda qazandığı pul ilə xeyriyyə mərkəzi açmışdı. İllər keçdikcə də onun tərk edilmiş uşaqlar və küçə heyvanlarına qarşı diqqəti daha da artır, daha çox sığınacaqlar açıb onları xilas edirdi. Cəmiyyət çox dəyişmişdi, insanlar artıq ailə qurmaq və uşaq sahibi olmaq kimi dəyərlərdən uzaqlaşmışdı. Təsadüfi “yaratdıqları” uşaqları isə tez-tez tərk edirdilər. Bu, adi hal almağa başlamışdı. Hətta bir zamanlar məlum bir dövlət başçısının belə qızından imtina etmək istədiyi haqqında xəbərlər sızdırılmışdı. Frank kimi insanların az da olsa, hələ də yaşaması sevindirici hal idi. İndi Doktor Frank Libert pişiklərə qarşı imha silahları kəşf etmək üçün onları dərindən araşdırmağa başlayan bir qrup elm adamına başçılıq edirdi.
Onun qırışmış, amma nurani görünən üzündə böyük bir narahatlıq ifadəsi var idi. Frank son bir ildə bütün saçların ağartmışdı, hərdən bir əlləri və dizləri də əsməyə başlamışdı. Son hadisələr onu 10 il daha qocaltmışdı. Amma sağ gözünün altındakı xalı ona hələ də çox yaraşırdı. O, tələsik şəkildə ekranın qarşısına keçib heç kimi salamlamadan bir başa əsas mövzuya başladı:
– Pişiklərə qarşı sakitləşdirici qazın artıq niyə effekt göstərmədiyini öyrəndik. B-bu.. Bu inanılmazdır. Həm də dəhşətli!

Write-up Otaqda 3 dövlətin başçıları, digər yüksək rütbəli şəxsləri və fərqli sahələrdən elm adamları oturmuşdu. Və bir də, mediadan bir nəfər. Təkcə bir jurnalist bu görüşlərdə iştirak edə bilirdi. Səbəbi çoxlarına məlum deyildi. Ona hələ də etibar etməyən, icazəsiz məlumat sızdırmayacağına şübhə ilə yanaşan insanlar var idi. Hər halda artıq 5-ci belə toplantı idi və hələ ki, problem yaratmamışdı. İndi narahatlıq yaradan bu jurnalistin niyə burada olması yox, Doktor Libertin açıqlamaları idi. Hər kəs narahat halda son araşdırmaların nəticəsini dinləyirdi.
– Onlar.. Mutasiya! Mutasiya baş verib! Onlar artıq bizim bildiyimiz məxluqlar deyil.. Daha fərqli, daha dəhşətlidirlər. Lykoidlərin yaradılmasında iştirak edən əsas cins – Lykoilər özləri də təbiətdə özbaşına və sürətli mutasiya edən heyvanlar idi. Genetikalarının bu qədər modifikasiya olunması və qarışdırılmasıyla onların mutasiya sürətləri də artırıb. Artıq sakitləşdiricilərin tərkibinə yeni və daha kəskin maddələri qatmaqla nəsə edə biləcəyimizi unudun. 3 dəqiqədən o tərəfə keyidilə bilməyəcəklər. Çin silahlarına edilən dəyişikliklər də bundan artığın təsir etməyəcək. Mümkün deyil! Onları idarə etmək artıq mümkün deyil. Öldürmək isə həmişə olduğundan daha çətindir.
Hər kəs susmuşdu. Hətta nəfəs aldıqları belə hiss olunmurdu. Otaqda tam bir sükut və ümidsizlik atmosferi var idi. Frank araşdırma nəticəsinin verdiyi ağırlığı hələ özü tam atmamışdı və verdiyi informasiyanın insanlar üçün nə mənaya gələcəyini bir an üçün unutmuşdu. 30 illik elm həyatında o ilk dəfə belə həyəcanlı və narahat idi və bunu gizlədə bilməmişdi. Vəziyyəti tez düzəltmək lazım idi. Boğazın təmizləyib, dərin bir nəfəs alıb sözə davam etdi.

diazepam onset and duration ******

additional information “Mən heç vaxt bu qədər ümidsiz hiss etməmişdim. Axx, kaş bunu qışqıraraq hər kəsə bəyan edə bilsəydim. Hər kəsə vəziyyətin göründüyündən də pis olduğunu və bu axmaq elm adamının heç bir fikri olmadığını deyə bilsəydim” – deyə beli bükülmüş halda yavaş-yavaş gəzən Frank ürəyində düşünürdü.
-Doktor!
– …
-Doktor Libert?
– ha! Aa, Mrs. Harper. Necə kömək edə bilərəm? – deyə Frank diksinərək cavab verdi.
– Bayaq dedikləriniz. Doktor. Xahiş edirəm, mənə düzünü deyin. Artıq çox gecdir hə? Siz orda araşdırmalara davam edilməsi gərəkdiyini və yeni üsullar tapıla biləcəyini sadəcə insanları ümidsizliyə düçar etməmək üçün dediniz. Əslində vəziyyət..
– Əslində Mrs. Harper, bilirsiz necədir? Sizin Marsa köçmək arzunuzu mən hələ də anlaya bilmirəm. Doğrudur ki, orda yaşamaq mümkün ola bilər. Doğrudur ki, 20 il əvvəl orada süni atmosfer yaradıldı.
– Mümkün ola bilər yox, mümkündür! Axı 10 nəfər orda 3 il boyunca rahat yaşaya bildi. Hal-hazırki ekspedisiya da yaşamağa davam edir.
– Hə, hə, düzdür, insanlar artıq Marsda rahatlıqla 2 mərtəbəli villalarının balkonuna çıxıb səhər tezdən ürəkdən bir nəfəs alıb ciyərlərini oksigenlə doldura bilər! Su, torpaq, hər şey qaydasındadır. Mars bizim 100 il əvvəl bildiyimiz Mars deyil artıq, hə. Amma problem bu deyil! Axı siz niyə başa düşmək istəmirsiz ki … – Frank birdən sözünü saxladı.
– Başa düşmək istəmirsiz ki… ? Nəyi, doktor?
– Bağışlayın, Mrs. Harper. Mən tələsirəm.
– Doktor! Bir dəqiqə..
– Bu lənətə gəlmiş mutantların axırına çıxmaq üçün işləmək lazımdır ya yox? Özünüzə yaxşı baxın, Mrs. Harper! Deyirlər siz tərəfdə vəziyyət bir az çətinləşib.
Doktor Libert cəld addımlarla maşına tərəf getdi. Luiza artıq ikinci dəfə idi ki, Frankdan belə müəmmalı sözlər eşidirdi. Onun detektiv-jurnalist ruhu rahat buraxmırdı. Öyrənmək istəyirdi, bilmək istəyirdi! O, hətta informasiya ala bilmək üçün illərdir danışdırmadığı atasından da kömək xahiş etmişdi. Prezident qızı olmağının üstünlüyünü bəlkə də ilk dəfə idi ki, məxfi toplantılara qatılmaq icazəsinin olmasıyla yaşayırdı.
“Axı niyə Marsda yaşamaq mümkün olduğu halda “yuxarılar” buna yanaşmır. Axı niyə hələ də getmək istəmirlər? Niyə bu xarabaya qoyduqları yaşanılmaz vəziyyətə gəlmiş planeti tərk etmək istəmirdilər? Samanta… Axı onun sadəcə 4 yaşı var idi.. ” – sərt tənqidləri və inadçı jurnalistliyi ilə tanınan Luiza Harper gözləri dolmuş halda çıxışa doğru addımlayırdı.
Luiza 10 ildir evli olmasına baxmayaraq uşaq sahibi ola bilmirdi. Çoxları onu evlilik və ana olmaq kimi fikirlərinə görə geridəqalmış bir insan kimi qəbul edirdi. 42 yaşına baxmayaraq heç bir əməliyyatsız, gözəlliyini və gəncliyini qorumuşdu, amma uşaq sahibi ola bilmək şansı ildən-ilə azalırdı. Son illər onun da həyatından bəzi şeyləri almışdı və bəzilərini də vermişdi, qara uzun saçları arasında çoxalmağa başlamış ağlar, üzdə bir neçə qırış, çöküşdə olan gözaltları. Və çoxdandır arzuladığı yeni bir nəfəs.
4 il əvvəl ən yaxın qonşusu Martanın bir qızı olmuşdu. Təbii ki, bir çoxları kimi Marta da analığa o qədər meyilli deyildi. Bu isə Luiza üçün yaxşı bir fürsət idi. Öz övladına göstərmək üçün yanıb tutuşduğu sevginin hamısını Samantaya verirdi. İkisi arasındakı əlaqələr çox yaxşı gedirdi, əsl ana – qız kimi. Luiza həmişə işdən tez qayıtmağa çalışır, balaca Samanta ilə oynayır, maraqlı nələrsə öyrədir və bəzən də saçlarını darayırdı. Qısa sarı saçlı Samanta alma boyda gözləri ilə həmişə ətrafda baş verənlərə diqqətlə baxır, nəsə öyrənməyə can atır, necə çətin bir dövrdə yaşadığının fərqinə belə varmırdı. Samanta, qaranlıq və ümidsiz bir dünyanın ortasında işıq saçan gülüşləri ilə Luizaya yaşamaq eşqi verirdi.
Üç həftə əvvəl Luiza Harperin yaşadığı ərazidə dəhşətli hadisə baş vermişdi. İlk dəfədir bir lykoid qorunan əraziyə necəsə daxil olmuş və insanlara hücum etmişdi. Luiza səs-küyə çölə çıxanda bütün dünyasına qaranlıq çökmüşdü. Və o qaranlığın ortasında sadəcə bir şey görürdü gözləri – qana bulanmış kiçik bir insan qolu və ondan 5 metr irəlidə pişik tərəfindən parçalanan kiçik bir qız bədəni. Ondan sonrasını xatırlamırdı. Gözünü açanda özünü xəstəxana yatağına bağlanmış vəziyyətdə tapmışdı. İsterika çox dəhşətli idi. Onu bağlamaq məcburiyyətində qalmışdılar. 1 həftəni sakitləşdiricilərlə xəstəxanada nəzarət altında keçirdi.
Pişiyin tutula bilməsi üçün 6 keyidici istifadə edilmişdi. Başını əzib tamamilə məhv etmək isə 5 dəqiqələrini almışdı.
İndi Luiza dünyanın dörd bir yanından insanların, ən çox da uşaqların bu vəhşilərlə qorxu içində yaşamasından yorulmuşdu. 1 il idi müharibə bitmişdi və müsbətə gedən heç nə yox idi. O, anlaya bilmirdi. Axı Frank Libert onu hamıdan yaxşı başa düşməliydi. Bu insan illərdir uşaqlara yaxşı həyat verməyə çalışan biri idi. Niyə bu cür vəziyyətdə yaşamaqlarına göz yumur.
******
2092-ci il, sentyabr. Mars. Ekspedisiya “New Start – 3” (“Yeni Başlanğıc – 3”).
Hava bura köçdükləri 3 aydan bəri ilk dəfədir ki, yaxşılaşmışdı. Marsın iqlimi Yerdəkindən o qədər də fərqlənmirdi. Sadəcə fəsillər daha uzun, fırtınalar daha çox. Bu gün həm də növbətçi Karl yaxşı günündə idi. O, başını qaldırıb səmaya baxdı, parlaq hava kefini açmışdı. Marsa göndərilən digər qruplar kimi bu qrup üçün də yaşayış ərazisini tərk etmək qadağan idi. Ona görə də hündür divarların 2 fərqli hissəsində növbətçi qüllələri qurulmuşdu. Onlar heç özləri də bilmirdi nəyə gərək idi bu cür qorunma. Hər halda, yad bir planetdə idilər, hər şey ola bilər, əmr qətidir, tabe olmaq lazımdır. Qüllədən düşüb aşağıda axmaq-axmaq gülümsəyərək gəzən Karlı görən Samuelin ağlına bir fikir gəldi. O, qayıdıb anbardakı soyuducudan bir dənə soyuq pivə götürdü.
-Oo, Karl, Karl mənim əziz dostum. Hava gözəldir, hə? Lap dəniz havasıdır! – Samuel üzündə gülüşlə yellənə-yellənə yaxınlaşırdı.
-Hə, bu dəqiqə sahildə oturub buz kimi pivə içərək bikinili gözəllərə baxmaq vardı.. Eeh eh, müharibə bizdən çox şey aldı. – Karlın təbəssümü təəssüfdolu, üzgün bir mimika ilə dəyişdi.
-Elədir.. Oğlum bəlkə də heç vaxt bu zövqün nə olduğunu bilməyəcək. Heç biz də bəlkə bir də yaşamadıq bunu. Amma ən azından buz kimi pivə içmək, ya da fərqli planetdə yeni həyat tapan təbiətlə tanış olmaq hələ də mümkündür.
-Mümkündür bəlkə də. Amma bizim bu dəqiqə nə buz kimi pivəmiz, nə də yeni planetin təbiətiylə tanış olma icazəmiz yoxdur..
-Var. Hər ikisi də. – Samuel gülümsəyərək jaketinə bürüdüyü pivə şüşəsini ona göstərdi.
-Ouu, yoox, Samuel. Məndən bunu istəmə. Bilirsən, əmr qətidir. Özü də bir dəqiqə! Axı demişdin ki, burada spirtli içkiyə icazə vermirdilər. Hardan tapdın onu?
-Anbara nəzarət edən mən deyiləm? Nəyin necə keçiriləcəyinə də özüm qərar verirəm. Qayda-qanunlar rədd olsun. Bax Karl. Burda biz təkik. 30 nəfərlik kiçik bir qrup. Özbaşımıza. Heç bir dövlətdən asılı olmadan, ciddi nəzarət edilmədən sakitcə yaşayırıq. Həftədə 1 dəfə report veririk də təkcə. O reporta mənim oğluma Kiçik gölü göstərməyə getdiyimi yazmayacaqsan uzaq başı. Kameranı da müvəqqəti söndürmək olar, deyərik texniki nasazlıq olmuşdu. Hə, nə deyirsən? Yarımca saat. Yaxşı da, dostum, pivə içmək də istəmirsən heç?
******
Samuel oğlu ilə birlikdə yaşayış ərazisindən ilk dəfə idi kənara çıxırdı. Təbiətə doğru. 10 il əvvəl başlanan meşə salma prosesi hələ də davam edirdi və artıq öz bəhrəsini göstərirdi. Heç kim Yerdəki bitkilərin və həşəratların burdaki həyata bu qədər rahat uyğunlaşmasını gözləmirdi. Amma bu baş vermişdi. Budur, səhralıq bir planetin ortasında seyrək də olsa yaşıllıq, süni su hövzələri. Hər şey əla gedirdi. Hətta yaşıllığın az olduğu hissələr bir az Qərbi Amerika təbiətini də xatırladırdı, daha qırmızı versiyasını. Samuel 7 yaşlı oğlu ilə gəzə-gəzə kiçik bir qaya parçasının yanına gəldi. Üzü meşə və Kiçik gölə tərəf oturdu. Balaca Alfred sevincindən uçurdu. Anasının ölümündən sonra ilk dəfə idi onu gülən və xoşbəxt görürdü Samuel. Müharibə həqiqətən də insanlardan çox şey almışdı. Bəzən insanlar Yerdəki pis xatirələrindən qaçmaq üçün Marsda yaşamağa belə razı olurdu.
-Asteroid qurşağı haqqında eşitmisən, Al?
Alfred maraqla gölün kənarından atasına tərəf çevrildi.
-Asteroidlərin ən çox olduğu yer. Bilirsən haradır? Mars və Yupiter arasında. Bizim yeni evimizin sərhədində. Hə, çox təhlükəli səslənir, – gülərək davam etdi Samuel, – amma bu cür təhlükəli vəziyyətə baxmayaraq Günəş sistemində yaşamağın mümkün olduğu iki yeganə planet bu qurşağa yaxınlıqda yerləşir. Əslində, Günəş sistemi o qədər böyükdür ki.. Hətta qurşağın özündə belə o qədər boş “ərazi” var ki. Asteroidlərin sayından qat-qat daha çox. Ona görə də, toqquşma çox aşağı ehtimaldı. Amma, yadımdadı mən uşaq olanda, hətta yeniyetmə və gənclik illərimdə də xəbərlərdə tez-tez göstərərdilər. – ata oğluna keçmiş xatirələrdən bəhs etməyə başlayırdı yenə. Yerdən əyilib bir dənə kiçik, qırmızı daş parçası götürdü. Başını aşağı salıb daşın o yan, bu yanına baxaraq davam edirdi. Kiçik Alfred isə yenə həvəslə atasının xatirələrinə qulaq asırdı. Bütün diqqəti onda idi.
– 2058-ci il. Yerə asteroid yaxınlaşır! Sonra 2064. Vau, vau! Son xəbərlər. Yerə böyük bir asteroid yaxınlaşır. 2075. Yeni böyük asteroidlər kəşf olundu. Asteroid qurşağı son yüz ildə ən aktiv dövrünü yaşayır. Alimlər deyir ki, risk böyükdür. 2080…87. Hər dəfə ya asteroid, ya da meteorid xəbərləriylə çərənləyirdilər. Amma heç vaxt o lənətə gəlmiş asteroid, nə də başqa bir zibil Yerə toxunmurdu! Kaş toxunaydı – təəssüfdolu əsəbi bir sifətlə dodağı altında mırıldanmağa başlamışdı və birdən qulağında cingiltili bir qışqırıq qopdu. Bu, Alfredin səsi idi. Başını qaldıranda gördüyü mənzərənin yuxu olduğunu düşündü. “Yooox, belə şey mümkün deyil! Nə danışırsan, biz Marsdaydıq! Bura Marsdır, Yer deyil! Onlar hamısı Yerdə qaldı. Yoox yox, ola bilməz!”
Üzəri gümüşü rəngdə parıldayan bir məxluq Alfredin qarnını parçalayırdı.
-ATAAAAA! KÖMƏK ELƏ, ATAAA!!!

http://frankleephoto.com/?dsw=Effect-of-Valium-10mg&e86=8e ******
Karl aylardır yaşamadığı bir zövqü yaşayırdı. Soyuq pivə, isti hava, qulaqlıqlarını taxmışdı. Keçmiş illərin hit yay mahnıları. Gözünü yumub xəyallara dalırdı – 20 yaşlarına. Samuel qayıdarkən narahat etməsin deyə böyük darvazanı tam bağlamamışdı. Onsuz da digər insanlar çox da bu tərəflərə gəlmirdi. Heç kim görməyəcəkdi qapının açıq olduğunu. İstirahət edərkən narahat edilmək istəmirdi.
Birdən fərqinə vardı. Playlist əvvələ qayıtmışdı. Neçə mahnı dinlədi? Neçə saat keçdi ki?
-Zibil! Samuelgil indiyə gəlmiş olmalıydılar. Qapını unutdum!
Tələm-tələsik ayağa qalxdı. Qulağına qəribə səslər gəlirdi. Yəqin ki, uzun müddətdir heç nə içmədiyi və bu qədər uzun müddət qulaqlıq taxmadığı üçün idi. İlk olaraq qüllənin kənarından yaşayış ərazisinə baxdı. Ayaqları titrədi, gözləri bərəldi. Bir də, ürəyi bulandı. Bu qədər qana görə yoxsa yerdə qaynaşan o gümüşü canlılara görə? Silkələnərək arxaya tullandı. Əsə-əsə üzünü qadağan əraziyə çevirdi. Qüllədən boylandı. Baxdı…
******
2092-ci il, sentyabr. Yer kürəsi. Doktor Libert şok içində oturmuşdu. Xəbəri gətirən adamdan bir daha soruşdu.
-Nə qədər dedin? Minlərlə? Reportu verən şəxslə bir daha əlaqə saxlayın. Bəlkə ilk şokdan o qədər düşünüb. Əgər bu xəbər insanlara çatdırılsa qarışıqlıq daha da böyüyəcək.
-Növbətçi ilə bir daha əlaqə qura bilmədik. Yəqin ki, o da ölüb. Mediaya bu xəbər açıqlanmayacaq hələ ki. Çıxış yolu tapılana qədər.
– Onlar zəif idilər, uğursuz eksperiment. Onların ölümə tərk edildiklərini bilirik axı! Əvvəlki qrup da təsdiqləmişdi. 3 il boyunca bir dənə də pişiyə rast gəlməmişdilər. Həm də.. Həm də minlərlə nə deməkdir?! Sadəcə yüzcə dənə pişik yaradılmışdı. Lykoidlərin Yerdə böyüyüb tam güclü yetişkin fərd halını alması ən az 10 il çəkir.
-Doktor, başa düşürə…
-Yox, yox! Başa düşə bilməzsən! Axı Marsda həyat.. Mars bizim ən uyğun variantımız idi.
-Doktor, onsuz da Marsda 3 milyard insanın yaşaya biləcəyi qədər resurs yox idi.
-Kim dedi ki, bütün insanları köçürəcəkdik?! – Frank səsini yüksəltdi.
-Sakitləşin doktor, pəncərə açıqdır.
Frank bir az sakitləşdi. Üzünü divara çevirdi. Divarda böyük bir şəkil asılmışdı. Şəklin altında tarixi qeyd olunmuşdu. 22 Dekabr, 2063. İlk lykoidin şəkli. Yanında isə gənc bir elm adamı fəxrlə dayanmışdı. Onun sağ gözünün altında bir xal var idi. Frank dərindən bir nəfəs aldı:
-Uşaqlar üzərindəki testlər yaxşı gedir. Gözlədiyimdən daha uğurlu hətta. Az qalıb. Daha ağıllı, daha rahat idarə edilə bilən lykoidlərə çox az qalıb. “İnsan lykoidlər”imlə hər şey istədiyimiz yöndə dəyişəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir