AAC Hekayə yarışması : Kitsune barədə rəvayət

read this Müəllif : Olivia Splett
Belə nəql edirlər ki, bayramlar günlərlə davam edir Edo şəhərində. Adlı-sanlı samuraylar, sequnlar, imperator ailəsi günlərini Kabuki və Ninqe dzepuri teatrına tamaşa edərək, rakuqo aktyorlarının gülməli hekayələrinə qulaq asaraq keçirir. Satirik şeirlər geniş yayılmışdır. İtidilli şairlər Günəş imperatorunu məhdiyyələrlə yüksəyə qaldırır, aşağı təbəqə insanlarına həqarət dolu həcvlər yazırdılar. Hər gecə çay evləri dolub daşır, rəngli fənərlərin işığı gölməçələrdə əks olunur. Vilayətli dövlət ərlərini müşayiət edən geyşaların şux gülüşü onların getalarının içində asılmış gümüş zınqırovların səsinə qarışır. Qaydzinlər maraqla bu bitmək bilməyən festivala baxırlar.
Gənc geyşa Yukikonun heç bir günü boş keçməzdi – gözəl, ağıllı qızı hər bir kəs öz toplantısında görmək istəyirdi. Gecələr çay evləri, gündüzlər isə Edo şəhərinin bağları geyşanın syamiseninin tellərindən qopan musiqini dinləyirdi.
Bu gün Yukiko digər geyşalarla birgə mikadonun yaxın ətrafından olan nazir Katsuhiko-samanın bağında verilən ziyafətə dəvət edilmişdilər. Ziyafətdə sərbəst əhval-ruhiyyə yaratmağa çalışan aktyorların ciddi-cəhdinə baxmayaraq, nazirin ətrafında gərgin bir hava var idi. Ara-sıra “dirəniş”, “vergiləri vermirlər”, “kəndlilər narahatdır” kimi kəlimələr eşidilirdi. Bunu hiss etmiş olacaqdı ki, rakuqo aktyoru olan yaşlı Asiqaka-san boğazını arıtladı:
– Katsuhiko-samanın gözəl gölü var, elə deyil?
Geyşalar yer-yerdən “Bəli, elədir” cavabını verdilər. Asiqaka-san sözünə davam etdi:
– Siz geyşalar balıqçılarla ortaq peşə sahibi olduğunuzu düşünmürsünüz? Axı balıqçılar dənizin sərvəti olan balıqları tora saldıqları kimi, siz – xanamati çiçəkləri də biz kişilərin zavallı ürəklərini öz işvə torunuza salırsınız!
Onun bu sözləri gözlənildiyi kimi qəhqəhə partlayışı yaratdı, Asiqaka-san isə davam etdi:
– Mən bu gün kahinlik etmək istəyirəm! Aramızda yaxın günlərə kimi xanqeku olan geyşalar var – onlar hələ ürək ovunda təcrübəsizdirlər.
– Nə təklif edirsiniz, Asiqaka-san? – nazir gülüb bir neçə addım irəli gəldi. – Nədənsə hiss edirəm ki, sizin təşkil edəcəyiniz bu işdə mənim gölüm həlledici rol oynayacaq.
– Elədir, dediyim kimi, mən bu gün öngörənlik etmək istəyirəm. Təklif edirəm ki, gənc geyşalar göldən balıq tutsunlar, kim ən çox balıq tutsa, bir o qədər ürək də ovlayacaq, mən bundan əminəm!
– Əla, yaxşı fikirdir! – bağın hər tərəfindən razılıq sədaları ucaldı. Yukiko daxil olmaqla dörd geyşa gülə-gülə içində qızıl balıqların üzdüyü dayaz gölə yaxın gəldilər. Yukiko əlvan kimomosunun ətəklərini barmaqlarının ucu ilə qaldırıb suya addım atdı. Havanın isti olmasına baxmayaraq su soyuq idi. Digər qızlar asta səslə çığırışıb güldülər.
– Başlayın, – nazir Katsuhiko diqqətlə Yukikoya baxdı.
Bir neçə dəqiqə sonra Yukiko ilk balığının tutdu. Bu müddət ərzində ipək kimononun ətəyi islanaraq onun ayaqlarına yapışmışdı və hərəkət etmək getdikcə çətin olurdu. Arxasında duran geyşalardan biri – Yukiko ilə bir xanamatidə qalan Eruka sürüşdü və yıxıldı. Yukiko onun səsinə dönüdü və qızın yıxıldığını görəndə balığı əlindən buraxıb Erukaya yanaşdı, əlini uzadaraq onun qalxmasına kömək etdi. Saçlarından belə su süzülən geyşa üzündəki qalın ağ boyanın altından belə bilinəcək dərəcədə qızarıb Yukikonun əlini itələdi və islanaraq sıradan çıxmış kimononun ətəklərinə qaldırıb qaçaraq bağı tərk etdi.
– Kifayətdir, – nazir əlini qaldırdı. – Asiqaka-san bizə xatırlatdı ki, biz buraya əylənmək üçün toplanmışıq. Düşünürəm ki, Yukiko-çan lütf edib mənə sake verər.
Qonaqlar üzlərində təbəssümlə sudan çıxan geyşaları qarşılayıb aralarına aldılar. Yukiko nazirə yanaşıb sake dolu qabı əlinə aldı. Kimononun islaq ətəkləri onun ayaqlarına toxunub ürpərdirdi.
– Yukiko-çan, – Katsuhiko-sama əli ilə qabağında duran iki piyaləyə işarə etdi. – Xahiş edirəm ki, siz də mənimlə birlikdə bu nemətdən dadasınız. İsinmək üçün sake çox yaxşı vasitədir.
– Əlbəttə, Katsuhiko-sama, – geyşa zərif hərəkətlə piyalələri doldurdu.
– İmperatorun sağlığına, – nazir piyaləni qaldırdı.
– İmperatorun sağlığına.
Nazir piyaləni dodağına yenicə toxundurmuşdu ki, qəfildən qorxu dolu çığırtılar eşidildi. Qonaqların arasında boz, tünd-qəhvəyi rəngli geyimlərdə üzü örtülü, əllərində qısa qılınclar olan adamlar peyda oldu. Onlardan biri çevik hərəkətlə Yukiko ilə nazirə tərəf atıldı. Geyşa qorxu içində oradan uzaqlaşmaq istədi, lakin əynindəki geyimin uzun ətəyi hələ də islaq olduğu üçün, ayaqlarına dolaşdı. Yukiko dəhşət içində qışqırıb düz nazirə bir nəfəs qədər yaxınlaşmış qatilin qollarına düşdü.
Qorxu içində qapadığı gözlərini açdığında baxışları bir cüt odlu nəzərlə qarşılaşdı.
– Kitsune, – güclə eşidiləcək bir pıçıltını duyan kimi, adam onu özündən kənara itələyib qılıncını qınına qoydu.
– Kitsunenin qəzəbindən qorxun! – deyə yüksək səslə nərə çəkdi. Elə o an da nazirin qoruyucuları ilə qılınclarını çapazlaşdırmış boz adamlar sürətli bir şəkildə yox oldular.
Həmin günü Yukiko evə gec qayıtdı. Danışırdılar ki, nazirə hücum edənlər qisas almağa çalışan nindza klanının göndərdiyi qatillər idi. Hər necə olsa da, Yukiko ona baxan o gözləri unuda bilmirdi.
Belə düşüncələrdən onu güzgünün önündə gördüyü ağ xrizantema ayırdı. Gülün altında dörd qatlanmış kağız var idi. Geyşa kağızı götürdü. Orada bir xokku yazılmışdı.
Fudziyama zirvəsində
Buz bağlamış qar kimi
Əriyərmi ürəyin?
Yukiko təəccüblə kağızın hər iki üzünə baxdı. Başqa heç nə yox idi. Yalnız xokku və ağ xrizantema.
Geyşa səhəri gün xidmətçilərdən, sahibədən bu kağızı kimin gətirdiyini soruşsa da, kimsə məktubdan xəbəri olduğunu söyləmədi. Axşam isə yeni bir xokku və xrizantema onu gözləyirdi.
Günlər bir-bir ötürdü, Yukiko nə qədər çalışsa da, məktubu göndərəni tapa bilmirdi. Sirr həmişə qadınların ağlını məşğul edir, şeirlərin ikinci həftəsində Yukiko artıq məktubları göndərəni bütün qəlbi ilə görmək istəyirdi. Lakin bu görüşdən də son dərəcə qorxurdu.
Nəhayət, bir gün, məbəddən qayıdan Yukiko adət etdiyi xokku yerinə belə bir yazı gördü: “Bu gecə yarısı, xanamatinin damında”.
Yukiko hiss etdi ki, əlləri əsir. Bu gecə… bu gecə o görmək istədiyi, görməkdən də dizlərində titrəyişə qədər qorxduğu şəxsi… onu görəcəkdi. Bir-birindən gözəl şeirlər yazan o şairi.
Bu axşam, o çay evində yuxuda imiş kimi davranırdı. Hətta ətrafındakılar da bunu hiss etmişdilər. Geyşa güc-bəla işini bitirib tələsik xanamatiyə döndü. Sahibəyə özünü yaxşı hiss etmədiyini söyləyib otağına çəkildi. Güzgünün qarşısında əyləşib diqqətlə özünə baxdı. Yenidən bəzəndi. Saçındakı sancaqları çıxarıb yenidən səliqə ilə sancdı. Gecənin yarısından keçdikdə ehtiyatla, tir-tir əsərək xanamatinin damına çıxdı.
Qarşısında qəfil peyda olan kölgəni gördükdə qışqırmamaq üçün özünü güclə saxladı. Qəlbi az qalsın sinəsindən çıxacaqdı. Onu gözlərindən tanıdı:
– Sən…
– Kitsune, – qarşısındakı gənc gülümsədi.
– Sən kimsən?
– Məni Kiku çağır.
– Kiku… xrizantema. – Yukiko bir az sakitləşdi. – Məndən nə istəyirsən?
– Bütün aşiqlər nə istəyirsə, onu. Bir xoş söz, yüngül bir təbəssüm. – bunu deyib əllərini Yukikoya uzatdı.
– Çıx get, – geyşa geri atıldı. – Səni ələ vermərəm, amma bir daha mənə yaxın gəlmə.
– Gözəl Yukiko, mənə belə cəza vermə… Mən qatil deyiləm. Bilirəm, sən məndən qorxursan, lakin mən sən düşündüyün kimi qatil deyiləm, mən yalnız xalqımın yaxşılığını düşünürəm…
İlan sehirli baxışları ilə quşcuğazı hərəkətsiz buraxan kimi, gənc Kikunun da sözləri Yukikonun qəlbindəki tarəddüdü yox etdi.
– İmperatorun bu olanlardan xəbəri yoxdur, – gizli görüşlərinin yeddinci gecəsində Kiku belə dedi. – Mənim atam ronin olduğu üçün anamın olduğu klana qoşulmuşdu. Anamın anası tez-tez mənə bir əhvalat danışırdı. Hələ o anadan olmamış, yağışlı bir gündə İmperator öz əyanlarına belə bir sual verir:
“Görəsən mənim şəhərimdə belə yağışlı gündə papağı olmayan nə qədər zavallı var?”
Əyanlar təşvişə düşür, hər yerə xəbər göndərilir, çaparlar şəhər nəzarətçilərinə xəbər çatdırırlar. Həmin günün axşamına qədər küçədə papaqsız gəzən üç minə qədər kişi həbs olunub edam edilir. Elə o axşam da, baş nazir İmperatora məlumat verir ki, şəhərdə bir nəfər də olsun papaqsız adam yoxdur. İmperator sevinc içində yuxuya gedir. Bu nə qədər doğrudur, bilmirəm, amma əyanların indi də İmperatordan gizli saxladıqları çox şey var.
– Bəs nə üçün sən o günü Kitsunenin qəzəbindən qorxmağı söylədin?
– Bir rəvayətə görə Kitsune zülümkarların etdiyinə dözmək mümkün olmadıqda peyda olur. Sən isə gənc kitsune kimi qarşıma çıxaraq mənim amalımın uğurlu olacağını bildirdin…
Yukiko elə bilirdi ki, onların bu görüşündən kimsənun xəbəri yoxdur, amma o yanılırdı. Onunla bir xanamatidə yaşayan Eruka hələ də göldə islandığını unutmamışdı və bunun günahkarı kimi Yukikonu görürdü. Günlərin bir günü, gənc geyşa evdən məbədə getdikdə, Eruka onun otağına girdi və Kikunun məktublarını tapdı. Elə həmin gecə onları izlədi, söhbətlərini dinlədi. Ertəsi sabah isə böyük həyəcanla nazir Katsuhikonun evinə yol aldı.

click Bu gecə Kiku kədərli idi. Bunu hiss edən Yukiko həyəcanla onun boynuna sarılıb bu halının səbəbini soruşdu.
– Sən artıq burada qala bilməzsən, Yukiko, – Kiku boğuq səslə sözə başladı. – Sənin mənimlə görüşdüyünü kimsə nazirə xəbər verib, bunu mənə nazirin evindəki casusumuz xəbər verdi. Nazir ikimizi də həbs etməyi tapşırıb. Biz qaçmalıyıq, özü də indi.
– Axı… axı necə? – Yukiko qorxu içində iç çəkdi. – Mən nə etmişəm ki? Axı mən pis bir şey etməmişəm?!
– Sən Kitsunenin döyüşçüsünü sevmisən, bu isə bu qoca kötüklər üçün ən böyük cinayətdir. Gəl, gəl qaçaq, heç nəyə baxmadan. Mən səni yaxşı tanıdığım insanların yanına apararam. Onlar sənə öz qızları kimi baxar. Mən isə mübarizəmi qalibiyyətlə başa vurub sənin yanına dönəcəm!
Yukikonun tərəddüdü qısa sürdü.
– Mən razıyam.
İki gənc əl-ələ tutub damdan küçəyə endilər. Lakin evdən azca uzaqlaşmışdılar ki, birdən kimsə:
– Odur, onlar qaçır! – deyə qışqırdı.
Sevgililər daha sürətlə qaçmağa başladılar. Təqibçilər də onların arxasınca. Geyşanın getalarının içindəki kiçik zınqırovlar hər addımda cingildəyərək gizlənməyə çalışan gənclərin yerini düşmənlərə bəlli edirdi. Yukiko onları ayağından çıxarıb atdı. Onların nə qədər qaçdıqları bilinmirdi, hara qaçdıqları da. Nəhayət, dibindən gur sulu çayın axdığı bir yarğana çatdıqda təqibçilərin geridə qaldığını düşündülər. Elə bu zaman atılan bir ox Kikunun kürəyinə saplandı. Gənc ağrı dolu inləmə ilə kolların arasına çökdü. Yukiko fəryad çəkib onun yanına atıldı:
– Kiku!
– Məni… vurdular… Kitsune… sən qaç, qaç… qurtul… Hotaru-dononu tap… de ki… de ki, səni mən göndərmişəm… hər şeyi de ona… get…
– Yox, yox-yox-yox, biz birlikdə… bərabər gedəcəyik, – Yukiko onu qaldırmağa çalışdı. Amma Kiku son gücünü toplayıb yarğanln kənarın süründü:
– Mənə… söz ver… de ki, dediyimi… dediyimi edəcəksən… mən… mən isə… icazə vermərəm… ki… o itlər… mənim cəsədimə toxunsun…
Və Yukiko addım atmağa macal tapmamış o özünü yarğanın kənarından gur sulara buraxdı.
– KİKU!!! – qəm dolu fəryad ətrafı sarsıtdı. – Sənsiz mən həyat yoxdur! Gözlə məni, sevgilim, mən gəlirəm!
Təqibçilər yarğanın başına çıxanda gördükləri yalnız özünü quş kimi havaya buraxan geyşanın obisinin ucu oldu. Yeni doğan günəşin işıqlar altında bu obinin ucu Kitsunenin doqquz quyruğu kimi qızıl tək parladı və sular içində yox oldu…
***
Qoca sözünü bitirib üzünü turistlərə tarəf çevirdi.
– Mən bu əfsanəni babamdan eşitmişəm, o da atasından. Siz qaydzinlərin şairləri düşünürəm bu hekayəni bilsə idilər, ona çoxlu bəzək vuraraq uzun-uzun hekayələr yazardılar. Mən isə artıq qocalmışam, çox şeylər yadımdan çıxır, amma Kitsune haqqında əfsanə heç vaxt yaddaşlardan itməyəcək.

Bir cavab yazın

imp source Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

diazepam 5mg drinking

No prescription Valium overnight

http://pamperurselfgreen.com/?yhr=Valium-10mg-white&76e=66